Table Of ContentLent.az-ın kitabxanasından
Rey KƏRİMOĞLU
Kod adı: “Rey”
(Kəşfiyyatçının xatirələri)
Redaktor:
Səhər Əhməd
Korrektor:
Əyyar Tahirov
Rəssam:
Tərlan Eyvazov
Əfqanıstan və Qarabağ veteranı,
ehtiyatda olan kapitan.
Rey Kərimoğlu. KOD ADI: “REY”
(Kəşfiyyatçının xatirələri)
Bakı, Qanun nəşriyyatı, 2017, 252 səhifə
ISBN 978-9952-36-399-9
© Qanun nəşriyyatı, 2017
© Rey Kərimoğlu, 2017
Kitabda ikinci qrup Qarabağ qazisi,
jurnalist Rey Kərimoğlunun əsasən
1991-1992-ci illərdə Qarabağ müharibəsində gördükləri xatirə şəklində yer alıb.
Bu, müəllifin ilk kitabıdır.
Bu kitabı döyüş meydanlarında torpaqlarımız
uğrunda canlarını qurban verən nakam və bakirə gənclərimizin ruhuna həsr
edirəm. Sənanların, Qırımxanların, Fərmanların, Teymurların və
digərlərinin ruhuna!
Mİnnətdarlıq
Bu yazıların qələmə alınmasında və kitaba çevrilməsində xidməti olan “APA
Holding”in rəhbəri Vüsalə Mahirqızına, Lent.az saytının baş redaktoru Qabil
Abbasoğluna və yazılarımın ilk oxucusu şair-publisist Səhər Əhmədə xoş
duyğularla.
REDAKTORDAN
Qaysağın altındakı yara
Səhər Əhməd
– Bacarmıram, o hissəni yaza bilmirəm...
Qəfil zəng, girişsiz-filansız, qırıq-qırıq sözlər, üsyan dolu səs məni çaşdırır:
– Nə hissəni? Hansı hissəni? Niyə yaza bilmirsən?
– O gecə, Xocalıdan olan xanım-xatun qızların ratsiya ilə dediklərini...
Səsi qırılır. Ya da hönkürməsin, deyə susur. Dəstəyi asıram. Bir qadın üçün
hönkürtüyə bənzəyən kişi səsini dinləməkdən ağır nə ola bilər ki.
Anlayıram. Ağrını sözə çevirmək çox çətindi. Ona görə də gücü çatmayan bu
ağrını səsinə yükləyib Rey...
İndi – bu sətirləri yazarkən mən də bacarmıram. O səsi ifadə eləyib sizə çatdıra
bilmirəm. Leksikonumuzdakı sözlər duyğularımız qədər rəngarəng deyil, təəssüf
ki. Siz də məni anlayın.
***
Bir il bundan öncə Rey Kərimoğlu haqqında “Keçmiş döyüşçünün zəngimcelli”
adlı yazı yazmışdım:
“Biz onun beynində qəlpə kimi daşıdığı xatirələrin bir ucundan tutmadıq. Halbuki
bu xatirələrdən öz müharibəmizin və ədəbiyyatımızın “Əlvida, silah”ını yaratmaq
olardı. Mənim bu yazım isə heç vaxt baş tutmayacaq bir cəhdin, yazılmayacaq o
əsərin ifadəsidir”.
Amma mənim həmin yazım başqa bir cəhdin başlanğıcı oldu. Rey özü müharibə
xatirələrini yazmağa başladı.
Əlbəttə, Rey yazıçı deyil. Amma onun yazıları hansısa romançının Qarabağ
müharibəsi haqda nə vaxtsa uyduracağı əsərlərdən daha gərəklidi. Çünki
həqiqətdi. Nə saxta pafos var orda, nə yalançı laqeydlik.
Xocalı faciəsi haqda yayımlanan eyni kadrlar üzümüzü yana çevirəcək qədər
yorub bizi. Ağrıdan insan daha tez yorulur. O ağrı həm də məğlubiyyət qoxuyursa,
acizlik aşılayırsa adama. Amma Rey Kərimoğlunun yazılarında bu kadrların
fonunda başqa hadisələr cərəyan edir. Çoxumuzun indiyə qədər bilmədiyi şeylər.
Döyüş səhnələri, mindən çox azad olunmuş xocalılı girov, alınmış bir neçə erməni
postu. Dinc əhalini xilas etmək üçün döyüşən, şəhid olan həmvətənlərimiz.
Canpoladın – göz görə-görə özünü ölümə atan iyirmi yaşlı gəncin qəhrəmanlıq
salnaməsi. Bütün bunlar da ağrıdı, amma bir az fərqlidi. Bu ağrı acizlik aşılamır,
əksinə, içimizdə öldürdüyümüz döyüş ruhunu oyadır. Məğlubiyyəti unutdurur bir
anlıq.
***
Hərdən düşünürəm. O qədərmi zaman keçib aradan? Öz müharibəmizi unudacaq
qədərmi? Yəni filmlərdə gördüyümüz, hansısa uzaq, məchul çöllərdə gedən,
haqqında ata-babalarımızın danışdığı müharibəni yox, öz torpaqlarımızda gedən,
gözümüz önündə olan doğma müharibəmizi. Müharibəni doğma deyə əzizləmək
olmaz, bilirəm. Amma onu belə laqeydliklə bir kənara atmaq da düz deyil.
Neçə illərdi yas məclislərində, dini mərasimlərdə şivən qoparan, əsrlərdi
Kərbəla müsibətini nəsildən-nəslə ötürən biz Qarabağ müharibəsini inadla
unutmağa çalışırıq. Özgə dərdinə ağlamaq çox asanmış.
Zaman heç bir yaranı sağaltmır, sadəcə qaysaq bağlatdırır yaralara. Yaranın
üstündəki qaysağı düşünməyək, qaysağın altındakı yaranı düşünək deyirəm.
Məşum başlanğıc
“...15 may 1992-ci il... Əynində döyüşün ağır keçdiyini nişan verən, didik-didik
əsgər mundiri olan on doqquz yaşlı bir gənc. Başı döyüşçü dostunun dizləri üstünə
sakitcə uzanıb. Mundirinin yaxası deşik-deşik, sinəsi aramla qalxıb-enir. Pulemyot
güllələri sinə qabırğalarını qırıb dağıtdığından ürəyi, ürəyinin çırpındığı aydınca
görünür. Tozla qanqarışıq “palçığa” bulaşmış ürəyi hələ də döyünür... Parçalanmış
ürəyindən axan qıpqırmızı qan toza qarışıb rəngini dəyişir. Lakin Sənan nə ağlayır,
nə də danışır. Eləcə baxır – düz gözlərimin içinə. Nəsə demək istəyir, amma nə?
Kim bilir onun parçalanmış ürəyindən nələr keçir? Özümü elə aparıram ki, guya
nə demək istədiyini anlayıram. Cəmi bir gün əvvəl – sevdiyi qızın adını mənə
deyəcəyinə söz vermişdi. Bəlkə onu demək istəyir, nə bilmək olar? Gecdi, çox
gec. Gərək dünən təkid edəydim. Amma artıq nə mənası var...”
Sənanın ölüm səhnəsi burda yarımçıq qalır. Beynimdə başqa səhnələr bir-birini
əvəz edir. Hər dəfə Qarabağ müharibəsini xatırlayanda olduğu kimi yenə də
kələfin ucunu itirirəm. Ölüm səhnələri, qan, fəryad, kin, hiddət, beynimin bir
küncündə bir film kimi qalmış döyüş xatirələri... Hərdən elə gəlir ki, bütün bunlar
öz yaşadığım günlər deyil, izlədiyim bir qorxu filmidir. Amma bu “filmi”
əvvəldən sonacan hamının izləməsini istəyirəm. Ona görə də özümü toplayıb hər
şeyi ardıcıllıqla xatırlamağa çalışıram. Yaddaşımdan get-gedə uzaqlaşan
xatirələri bir yerə toplamağın vaxtı çoxdan çatıb.
Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam.
Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma
gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisə bu işdən daşındırıb
məni. Mən yazıçı deyiləm, amma o günlər elə hey beynimdə canlanıb nəsə
yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr
mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa, yazılsın... Elə
məqamlar var ki, onlar heç vaxt unudulmur.
Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə
qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində
sağ qalmış insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk
illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni
işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması
prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-
1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan
eşitdiyim hadisələri qələmə alacam. Yazının lap əvvəlində verdiyim kiçik bir
Description:Amma Rey Kərimoğlunun yazılarında bu kadrların fonunda .. üzərinə ermənicə yazılmış çoxlu boş siqaret qutuları və erməni dilində nəşr olunmuş